Rusiyanın idman naziri Vitali Mutko rus voleybol klublarının rəsmi oyunlar üçün Türkiyəyə getməməsini tənqid edib. Apasport.az saytının məlumatına görə, bu barədə yerli mətbuata açıqlama verən nazir bunun yanlış olduğunu deyib.
“Türkiyə təhlükəsizliyi təmin edə bilərdi. Buna görə də təmsilçilərimizin yanlış qərar verdiyini düşünürəm. Ancaq istənilən halda, onlar müstəqil, peşəkar klublardı və son qərarı özləri verirlər. Milli komandalar səviyyəsində belə bir şeyə icazə vermərik” – deyə rus nazir açıqlamasında bildirib.
Daha əvvəl hökumət səviyyəsində bəzi qərarlar aldıqlarını da qeyd edən Mutko hazırkı vəziyyətin tamam fərqli olduğunu vurğulayıb: “Düzdü, biz də əvvəl qərar vermişdik ki, klublarımız təlim-məşq toplanışları üçün Türkiyəyə getməsinlər. Ancaq rəsmi təqvimlər üçün belə qərarlara gərək yoxdu”.
Qeyd edək ki, CEV Çempionlar Liqası çərçivəsində Türkiyənin “Arkasspor” və “Ziraat Bankası” klubları ilə qarşılaşmalı olan Rusiyanın “Beloqoriye” və “Dinamo Moskva” komandaları qardaş ölkəyə getməkdən imtina etmişdilər.