Rusiyalılar daha bir tanınmış futbolçunu “Qəbələ”yə göndərirlər
04.02.2014 - 17:24
Rusiyalılar daha bir tanınmış futbolçunu “Qəbələ”yə göndərirlər

Rusiya millisinin üzvü Roman Şirokovun “Zenit”dən ayrılması gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi 6 ildir formasını geyindiyi Sankt-Peterburq təmsilçisinin baş məşqçisi Luçano Spalletti ilə münasibətlərinin korlanması üzündən özünə yeni komanda axtarmalı olacaq.

 

Rusiya mətbuatı Şirokovdan daha cəld tərpənərək, onun gedə biləcəyi klubların siyahısını tərtib edib.

 

Həmkarlarımız rusiyalı mütəxəssis Yuri Syominin başçılıq etdiyi “Qəbələ”ni də bu siyahıya salıb. Onların fikrincə, bir müddət əvvəl digər rusiyalı Marat İzmaylovu “Porto”dan icarəyə götürən əyalət təmsilçisi Romanı da heyətinə qata bilər.

 

Rusiyada “Dinamo”, MOİK və “Anji”ni yarımmüdafiəçiyə real elçi kimi qələmə verən şimallılar onun İngiltərə variantı və “Qəbələ”yə keçmək variantını da inandırıcı sayır: “Yaşlı futbolçular karyeralarını başa vurmaq üçün bəzən ekzotik çempionatlarda oynayır. Şirokov Azərbaycana getsə, klubunun 1 nömrəli ulduzu olacaq. Özü də Yuri Syominin rəhbərliyi altında, İzmaylovla birlikdə çıxış edəcək”.

 

Qeyd edək ki, Şirokov Rusiya yığmasında 40 oyuna 12 qol vurub.