Ruslan Abışovun “Rubin”in rəsmi saytına verdiyi müsahibəsinin birmənalı qarşılanmayacağını təxmin etmək çətin deyildi. Millimizin üzvünə “Böyükağa Hacıyev, Vardan Minasyan “Rubin”nin baş məşqçisi təyin edilsə, Abışov oranı tərk etməlidir, söyləyib, buna münasibətiniz” - deyə, sual ediblər. Ruslan da “Mən peşəkaram, məşqçinin və komanda yoldaşımın milliyyəti mənim üçün heç bir əhəmiyyət daşımır” - deyib...
Açığı, bu sual kimin təxəyyülünün məhsuludursa, həmin şəxs ya təxribatçıdır, ya da ağıldanqıvraq. Heç adam da öz klubunun futbolçusundan belə cəncəlli şey soruşar? Abışovun vəziyyəti nəzərə alıb, lazım olanı söylədiyini düşünənlərdənəm. Başqa nə deyə bilərdi? Əlbəttə, fərqli də davranmaq olardı. Məsələn, paytaxtımızda doğulan, hazırda Moskva “Spartak”ının formasını geyinən Yura Movsisyan Rusiyaya yeni gələndə, Azərbaycanla əlaqədar suallardan canı boğazına yığılmışdı. Bu hal bir neçə dəfə təkrarlandı. Və Movsisyan həmişə qaş-qabağını sallayıb, eyni şeyi söylədi: “Mənə Bakı ilə bağlı sual verməyin”! Bu qədər bəsit.
Ruslan da, qabağındakı “umnik”i bu cür susdura, yeri gəlsə, həmin adamdan “belə sual verməkdə məqsədin nədir” – soruşa bilərdi. Ancaq həmyerlimiz peşəkar futbolçudan tələb olunanı edib. Hər halda, “Movsisyan gəlsə, mən gedəcəyəm” söyləyəsi deyildi ki... Bundan sonra Abışova hansı xarici klub yaxın durar?
Ramiz Məmmədovla bağlı vəziyyəti xatırlayırsınız da? Həmyerlimiz Qazaxıstanın “Atırau” klubuna yenicə baş məşqçi təyin ediləndə, heyətdə bir erməni futbolçu vardı - Tiqran Karabaxtsyan. Həmyerlimiz Xəzərin o tayında işə başlamamış “Bildiyimə görə, bu klubda erməni futbolçu Karabaxtsyan çıxış edir, lakin mənim baş məşqçisi olduğum komandada erməni ola bilməz” açıqlamasını verdi. Təbii ki, “Atırau” azarkeşlərinin buna reaksiyası çox sərt oldu. Onların yaydığı bəyanatın məğzi belə idi: “Qazaxıstan çoxmillətli dövlətdir. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır. Bizim klubda həmişə qazaxlarla yanaşı, ruslar, azərbaycanlılar, çeçenlər, ukraynalılar və digər ölkələrin futbolçuları da çıxış edib. Bura Qazaxıstandır. Burda millətçiliyə yer yoxdur”!
Və deyərdim ki, bu uğursuz başlanğıc Ramiz bəyin erkən istefasının təməlini qoydu...
Bax belə. İndi özünüz düşünün, Abışov fərqli cavab versəydi, aqibəti necə olardı. Özü də, bunda təkcə Ruslan yox, digər futbolçularımızda zərər görərdilər. Olmayan müsbət imicimiz də korlanardı. Təsəvvür edin, taleyin işidir, bilmək olmaz, Dortmund “Borussiya”sı hansısa bir azərbaycanlı futbolçu almaq istəyir. Və həmin anda Yurgen Kloppa deyirlər ki, bağışla, amma bizdə Henrix Mxitaryan var, onlar burada oynamaz. Başqa bir məqam. Abışovun “Minasyanla işləmərəm” söyləsə, gərək bundan sonra azərbaycanlı futbolçu transfer edən klub, heç vaxt erməni oyunçu almayacağını, erməni məşqçi ilə işləməyəcəyini gözə alsın.
Çox çətin vəziyyətdəyik, məlumumuzdur. Ermənilərlə durumumuz qarışıq labirintə bənzəyir. İşıq üzü görmək üçün səbrlə, təmkinlə davranmalı və ən başlıcası siyasətcil olmalıyıq. Levon Aronyana baxın. Vüqar Həşimovun vəfatı ilə bağlı fikirlərini öyrənirlər, çox üzüldüyünü, dünya şahmatının istedadlı bir insanı itirdiyini deyir. Mərifətdir, yoxsa siyasət, bilmirəm. Önəmli olan, adamın bu cür davranışından dolayı insanlarda hansı təəssürat yaratmasıdır. Özümüzü el-aləmə güldürməyək...
ŞAMO
Ruslan Abışova erməni tələsi
15.01.2014 - 11:38
0
0