“Qış fasiləsindən sonra “Bakı” ilə oyuna əsas heyətdə çıxdım. Amma həmin görüşü pis keçirdim. Özüm də gördüm ki, alınmır. Zəif oynadığıma görə ehtiyata düşdüm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun futbolçusu Ruslan Əmircanov deyib.
“Qəbələ”nin AZAL və “Simurq”la matçlarında ehtiyatda qalan təcrübəli müdafiəçi bunun səbəbini baş məşqçidə deyil, özündə görür: “Əvvəlki formamı tam yığmaq üçün bir qədər zamana ehtiyacım var. Konkret hansı oyuna tam hazır olacağımı deyə bilmərəm. Buna baş məşqçi qərar verəcək. Əslində “Bakı” ilə görüşdən öncə Roman Qriqorçuk məndən hazır olub-olmadığımı soruşdu. Dedim ki, hazıram. Amma sonra məlum oldu ki, tam hazır deyiləm”.
Maraqlıdı ki, Əmircanovun yoxluğunda “Qəbələ” keçirdiyi hər iki oyunu məğlub tərk edib. Lakin Ruslan uğursuzluğun bu məqamla bağlı olmadığını bildirib: “Kimin oynamasından asılı olmayaraq, “Qəbələ”yə meydana qələbə qazanmaq üçün çıxır. Kim bilir, bəlkə mən oynasaydım da, məğlubiyyətlə üzləşəcəkdik. Odu ki, həmin görüşlərdə uduzmağımızın oynamamağımla bağlılığı yoxdu. Komandamız Antalyadakı yoxlama görüşlərində daha inamlı təsir bağışlayırdı. Nədənsə həmin oyunu çempionatda göstərə bilmirik. Futbolçular arasında xətlərarası əlaqədə problemin olduğu hiss olunur. Bir də oyunlara gərgin çıxırıq. Bu o demək deyil ki, fiziki cəhətdən hazır deyilik. Sadəcə, komandada qalib gəlmək istəyi həddindən artıqdı və bu da bizə problem yaradır. Əlavə motivasiya futbolçuya mənfi təsir göstərir”.
Əmircanovun sözlərinə görə, uğursuz nəticələrə baxmayaraq, “Qəbələ”nin hədəfi dəyişməz olaraq qalır: “Bu komanda yaranandan iddialı olub. Düzdü, cari mövsümdə stabil çıxış edə bilmirik. Amma bu bizim qarşımıza qoyulan hədəfi dəyişmir. İlk yerlərdən birini tutub, avrokuboklara vəsiqə qazanmalıyıq. Cari mövsümdə əksər komandalar problemlə üzləşiblər. Bundan istifadə etmək lazımdı”.