UEFA öz yığma komandalarında uğur qazanan və iz buraxan qapıçıların adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun internet səhifəsində yer alan xəbərdə Türkiyə millisinin sabiq qapıçısı Rüştü Rəncbər də həmin siyahıda yer alıb.
Onun 1996, 2000 və 2008-ci illərdə keçirilmiş Avropa Çempionatlarında komandasının heyətində çıxış etdiyi qeyd olunub. Daha çox isə 2002-ci ilin Dünya Çempionatına diqqət çəkilib. Belə ki, məşhur qapıçının baxımlı oyunu sayəsində Türkiyə yığmasının bürünc medala sahib olduğu xüsusi vurğulanıb.
Siyahıya həmçinin Petr Çex (Çexiya), Peter Şmaykl (Danimarka), Fabian Bartez (Fransa), Edvin Van der Sar (Hollandiya), Dino Zoff (İtaliya) və Lev Yaşin (Rusiya) kimi çərçivə qoruyucuları da daxil edilib.