[b]Sabiq həmkarı Kamran Ağayevi qınadı: ...qapıçıların başı xarab olur[/b]
04.12.2014 - 11:10
[b]Sabiq həmkarı Kamran Ağayevi qınadı: ...qapıçıların başı xarab olur[/b]

“Qapıçılar adətən hövsələsiz, aqressiv olurlar. Əbəs yerə demirlər ki, qapıçıların başı xarab olur”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq qapıçısı Hüseyn Məhəmmədov deyib.

 

Hazırda “Neftçi”nin akademiyasında məşqçi kimi fəaliyyət göstərən Məhəmmədov maraqlı fikirlər səsləndirib.

 

2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsinin Norveçlə oyununda (0:1) yığmamızın baş məşqçisi əvəzi olan Mahmud Qurbanovun Kamran Ağayevi ehtiyatda saxlamasına toxunan Məhəmmədov “Professor”u müdafiə edib: “Mahmudun xasiyyətinə bələdəm. Həmişə öz xarakterini göstərib. O, Kamrana məşqə gecikdiyi üçün şans vermədi. Məncə, düz etdi. Kamran pis oğlan deyil, amma belə məsələlərdə diqqətli olmalıdı. Başa düşməlidi ki, əvəzolunmaz deyil. Əgər millinin aparıcı üzvlərindən sayılırsansa, deməli, digərlərinə nümunə olmalısan. Məşqə gecikmək nə deməkdi? Düzdü, heç kim səhvsiz deyil. Mən özüm də vaxtilə bu cür səhvlər buraxmışam. Amma indi daha yaxşı dərk edirəm ki, olmaz”.

 

Məhəmmədovun fikrincə, özünü peşəkar sayan futbolçu məşqə gecikməməli, rejimi pozmamalıdı: “Məsuliyyətsizlik edirsənsə, bu, ümumi olaraq komandada ab-havanı korlaya bilər., Məhz bu səbəbdən Mahmud müəllim Kamranı Norveçlə oyunda ehtiyatda saxladı”.