“12 yaşımdan 15 yaşadək vətənimdə futbolla məşğul olmuşam. O vaxt ikinci dəstə komandasında çıxış edirdim. Sonra növbəti mövsümün 6 ayını komandamla Malinin güclülər dəstəsində oynamağa başladım. İkinci mövsümdə indiki klubum olan “Xəzər Lənkəran”da yoxlanıldım və komandaya cəlb olundum”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran”ın malili yarımmüdafiəçisi Sadio Tunkara deyib.
“Xəzər Lənkəran”a 2012-ci ilin yanvarında - Cüneyt Biçərin dönəmində Malinin “Janna D’Ark” klubundan gələn Tunkara footmercato.net saytına danışıb.
O, cənublularla beynəlxalq miqyaslı görüşlərdə iştirak etməklə çoxlu təcrübə qazandığını və daha səviyyəli çempionatda çıxış etməyə hazır olduğunu bildirib: “Azərbaycan çempionatının səviyyəsi Avropa ilə müqayisə etdikdə ortadır. Fikrimcə, ölkəni dəyişmək üçün yaxşı çıxış etməlisən. Çoxdandır ki, arzuladığım Avropa Liqasında çıxış etməyim mənim üçün təcrübə oldu. Fərqli səviyyədə olan ölkələrin klubları ilə qarşılaşmaq maraqlı idi. Bizim “Lex” və İsrail komandasına (Hayfa “Makkabi”sini nəzərdə tutur – red.) qarşı keçirdiyimiz matçlar bizə çox xeyirli idi”.
21 yaşlı sağ cinah yarımmüdafiəçisi Fransada oynamaq istədiyini də dilə gətirib: “Mən oyunçu kimi yetişməyimi davam etdirmək üçün daha rəqabətli olan Fransa, İspaniya çempionatlarında oynamaq istəyirəm. Fransaya getmək istərdim. Ancaq orda əlaqə saxladığım klublar yoxdur”.
Bununla belə, sözügedən saytın əməkdaşı bildirib ki, onlarda olan məlumata görə, Tunkara Azərbaycandan sonra yayda Fransanın elita klubları “Loryan” və “Nitsa”, eləcə də aşağı dəstənin “Trua” klubunda oynamağa hazırlaşır. Malili oyunçu “yaxşı sürətli texnikalı oyunçu”, “yaxşı driblinq edən”, “sağ cinahda oynamağa üstünlük verən” və o cümlədən, “10” nömrə kimi inkişaf edən” futbolçu kimi də dəyərləndirilib.