Sadıq Sadıqov: ...biz oyuna çıxmadan geriyə qayıtmalıyıq
09.02.2014 - 14:13
Sadıq Sadıqov: ...biz oyuna çıxmadan geriyə qayıtmalıyıq

“Lənkəranda ciddi hadisə baş verməyib. Avtobusun şüşəsi sındırıblar, vəssalam. Sınıb-sınıb da, birinci dəfə deyil ki... Düzəldəcəyik, vəssalam”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.

 

Paytaxt təmsilçisinin rəhbəri komandasının bu gün “Xəzər Lənkəran”la saat 16:00-da başlayacaq görüşə çıxmayacağı barədə xəbərləri təkzib edib. Onun fikrincə, bu açıqlamanı verən şəxs həmin zaman əsəbi olub: “Biz Lənkərana oyundan imtina etməyə getməmişik. Hansısa azarkeşin avtobusun şüşəsini sındırması, iki komanda rəhbərliyi arasındakı münasibəti poza bilməz. “Xəzər Lənkəran” rəhbərliyi ilə əla münasibətlərimiz var. Azarkeşdi, avtobusun yanından keçəndə daş atıb. Gərək olmayaydı, olubsa belə, bu, o demək deyil ki, biz oyuna çıxmadan geriyə qayıtmalıyıq”.  

 

Sadıqov bildirib ki, rəhbərlik etdiyi komanda Lənkərana 3 xal üçün yollanıb: “Komandamdan qələbə gözləyirəm. İnşallah, qələbədən sonra şüşə yaddan çıxar. Qələbədən başqa hansı nəticə? Yəqin, mənim kimi “Xəzər Lənkəran” rəhbərliyi də komandasından ancaq 3 xal gözləyir. Oyundur, kimin qalib olacağını 90 dəqiqənin tamamında biləcəyik. Məqsədimiz qələbə qazanıb, turnir cədvəlində birinci pilləyə yüksəlməkdir”.