“Qış transfer dövrü yenicə başlayıb. Buna görə də, tələsmək istəmirəm. Bəzi klublardan cavab gəlməlidi”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu deyib.
“Araz Naxçıvan” Premyer Liqada çıxışını dayandırdıqdan sonra klubsuz qalan təcrübəli müdafiəçi hazırda gözləmə mövqeyi tutub. Vaxtilə “Dənizlispor”da çıxış etmiş Yunisoğlu azərbaycanlı futbolçuların Türkiyədə möhkəmlənə bilməmələrinə toxunub: “Düzdü, bu vaxta qədər xeyli oyunçu ordan geri qayıdıb. Başqalarının yerinə danışa bilmərəm. Amma mən və Rail Məlikov “Dənizlispor”dan sırf məşqçiyə görə ayrıldıq. Məşqçi səni oynatmırsa, orda qalmağın mənası yoxdu”.
Qeyd edək ki, karyerası ərzində “MKT-Araz”, “Diskoboliya”, “Poloniya” (hər ikisi Polşa), “Bakı”, “Qəbələ”, AZAL, “Neftçi” və “Sumqayıt” klublarının da formasını geyinən Yunisoğlu 2013-14 mövsümünü “Dənizlispor”da keçirib.