“Çelsi”nin kapitanı Con Terri həyat yoldaşı ilə geyim mağazasına girəndən sonra qalmaqalla üzləşib. Apasport.az saytının məlumatına görə, futbolçu nəzakətli olduğunu göstərmək niyyəti ilə satıcılarla salamlaşıb.
Elayşa Rem adlı satıcı futbolçu gedəndən sonra rəfiqəsinə deyib: “Gündəlik həyatda çox yaxşı görünür, amma donuzun biridir”. Bu sözlər Terrinin yaxınlıqda dayanan həyat yoldaşının qulağına çatıb. Rem qəzetlərə müsahibəsində deyib ki, Terrinin həyat yoldaşının orada olduğunu bilməyib: “O, çox pis şəkildə mənə baxdı. Ürəyim ayaqlarımın altına düşdü. Qaçıb qonşu otaqda gizlənməyə cəhd etdim. Amma Terri mənə çatıb izahat tələb etdi. Dedi ki, həyat yoldaşının gözü önündə donuz adlandırılması yolverilməzdir. Mən əvvəlcə üzr istədim. Sonra isə dözə bilməyərək, “Siz iyrəncsiniz” dedim”.
23 yaşlı satıcı bildirib Ki, Terrinin komanda yoldaşı Ueyn Bricin həyat yoldaşı ilə əlaqəsini xatırlayaraq onu “donuz” adlandırıb.
İş onunla başa çatıb ki, Terri mağazanın menecerinə müraciət edib və Elayşa müvəqqəti olaraq işdən kənarlaşdırılıb. Hələlik onun adı iş yerində qeydiyyatda olsa da, jurnalistlər Elayşanın işdən azad ediləcəyini istisna etmirlər.