[b]Səhv düşəndə qapılar - “Qarabağ” birincidir! [/b]
16.02.2014 - 16:50
[b]Səhv düşəndə qapılar  - “Qarabağ” birincidir! [/b]

Topaz Premyer Liqasında ardıcıl ikinci tur avtoqol qeydə alınıb. Apasport.az saytının xəbərinə görə, mövsümün 7-ci uğursuzu AZAL-ın müdafiəçisi Tural Nərimanov olub.

Arxa xətt oyunçusu XXI turun “Qarabağ”la səfər matçında hesabı açıb. Bu top AZAL-ın cari mövsüm keçirdiyi qarşılaşmalarda ilk avtoqol olub. “Qarabağ” isə artıq ikinci dəfə rəqib qoluna sevinib. Mövsümün ilk yarısında “Sumqayıt”la görüşdə qapıçı Anar Nəzirov avtoqol müəllifi olmuşdu.

Ümumilikdə isə AZAL ən çox öz qapısına qol vuran komandalardan sayılır. 2005/06 mövsümündən Premyer Liqada çıxış edən bakılılar bu müddətdə 10-cu dəfə avtoqola üzülüb. Ona qədər Usim Nduka 2, Abdulkader Kamara, Alveş Dos Santos, Ritus Krjauklis, Bronislav Arsenyeviç, Emin Ağaməmmədli, Aydın İslamov, Xuan Fransisko hərəyə 1 dəfə uğursuzluq yaşamışdı. Bu göstəricidə yalnız “Qarabağ” daha böyük göstəriciyə malikdir – 11 avtoqol.

Qeyd edək ki, AZAL yalnız 5 dəfə rəqibinin qolu ilə sevinib.