“Bütün dünya Fabio Kapellonun dediyi kimi 9-1 sxemi üzrə oynayır. Mən onunla razıyam. Bu 10 adam necə hücum edir və müdafiə olunur, artıq bu icraçının səviyyəsindən asılıdır. Rusiyada bugünkü gündə rəqibi öz əzmi ilə bir-birinə qatan kifayət qədər sayda oyunçu yoxdur”. Apasport.az saytının məlumatına görə, bunu “Zenit”in sabiq oyunçusu Sergey Vedeneyev deyib.
57 yaşlı çalışdırıcı Kapellonun millimizlə oyunöncəsi keçirdiyi mətbuat konfransında dediyi fikirləri dəstəkləyib: “Kapello hazırda komandanı komplektləşdirmək imkanı olan və lazımi mövqe altında konkret oyunçuları toplayan futbol klubunu məşq etdirmir. Yaxşı hücumçusuz hücum futbolu oynamaq mümkün deyil. Kokorin və Dzyuba forvard kimi sürət, driblinq, şanslardan maksimum yararlanmaq və yaxşı zərbə vurmaq kimi fərdi keyfiyyətlərə malik deyillər. Ona görə də heç bir məşqçi oyunçularını qabağa göndərməklə arxanı açıq qoymağa risk etmir. Fabio Kapellonun yeniliklərindən biz yalnız şans veriləcəyi halda meydanda yeni oyunçular gözləyə bilərik”.
2004-cü ildən bəri heç bir klubda çalışmayan Vedeneyev bu gün Rusiyanın millimizə minimal hesabla qalib gələcəyini düşündüyünü bildirib: “Əminəm ki, Azərbaycan yığmasında da baş məşqçi Kapello kimi eyni taktikanın tərəfdarıdır. Rəqib çalışdırıcı uzun müddətdir ki, komandasına azərbaycanlı oyunçulara xas olmayan intizamlı futbolu aşılayır. Fikrimcə, bugünkü matç bizim komandanın 1:0 hesablı minimal qələbəsi ilə başa çatacaq”.