“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone komandasının uğuru barədə danışıb. Apasport.az saytının məlumatına görə, o bunu son 3 ildə görülən işin nəticəsi adlandırıb.
Argentinalı mütəxəssis Çempionlar Liqasının finalında “Real Madrid”lə oyun barədə də fikirlərini bildirib: “Bütün bunlar bizim 3 ildir gördüyümüz işlərin nəticəsidir. Əgər yanılmıramsa, 1,5 il əvvəl Avropa Liqasında bütün çətinliklərə düzgün reaksiya verirdik. Bu gün bizim komandamız əvvəlki kimi təvazökardır və əvvəlki kimi kollektiv əmək intizamına malikdir. Bizdə qapıçıdan tutmuş hücumçuya kimi hər bir oyunçu qələbə üçün meydanda nə etmək lazım olduğunu bilir. Biz öz üstünlüklərimizi göstərməli, zəif yerlərimizi isə gizlətməliyik. Bəli, bizim də zəif yerlərimiz var. Amma biz onları gizlətməyə çalışacağıq. Bu, tarixi qarşıdurmadır. Bu həm ona görə gözəldir ki, belə oyunlar duelə bənzəyir. Həm də ona görə gözəldir ki, bir şəhərdə “Real Madrid” kimi çox möhtəşəm, “Atletiko Madrid” kimi çox döyüşkən iki komanda var. Bizim klublar bir-birindən kəskin fərqlənir. Biz həm də sosial baxımdan fərqliyik. Hər bir komanda əlinin altındakı alətlərdən istifadə edir. Kimi dəstəkləmənizdən asılı olmayaraq, möhtəşəm qarşıdurma olacağını inkar edə bilməzsiniz”.