Simeone: Finalda əsəbi oyun gözləyirəm
21.05.2014 - 00:48
Simeone: Finalda əsəbi oyun gözləyirəm

 

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının finalında “Real Madrid”ə qarşı oynayacaqları oyun barədə danışıb. Apasport.az saytının məlumatına görə, argentinalı baş məşqçi Lissabondakı oyunun taleyinin hücumda deyil, orta xətdə həll olunacağını bildirib.

 

Simeone finalda hər iki komandanın bərabər şansa malik olduğunu vurğulayıb: “Rəqibimiz individual cəhətdən daha güclü oyunçulara malikdir. Bizim motivasiyamız böyükdür. Amma rəqib də həddən artıq böyük arzuya malikdir. Yarımmüdafiədəki oyun həlledici əhəmiyyət daşıyacaq. Mən əsəbi oyun gözləyirəm. Mükafat isə bunun final oyunu olduğunu düşünənə deyil, konkret olaraq bu oyuna köklənən komandaya qismət olacaq”.

 

Qeyd edək ki, “Atletiko Madrid”də Arda Turan və Dieqo Kostanın zədə səbəbindən oyuna çıxmaları sual altındadır. Simeone həftənin sonuna qədər onların vəziyyətini ciddi şəkildə izləyəcəklərini bildirib: “Əgər irəliləyiş olmasa, alternativ variantlara əl atacağıq. Belə alternativlərdən biri, “Çelsi” ilə oyunda ilk qolu vuran Adrian Lopesdir. Adrian əsl komanda oyunçusudur. Bizim oyunları izləyənlər isə mənim ona münasibətimi bilirlər. Bu, qol vurmağı bacaran istedadlı oyunçudur. Arda və Kostanın vəziyyətinə uyğun olaraq, Adriandan istifadə edə bilərik. Final oyunu final olaraq qalır və bu, böyük motivasiyadır. Hər bir oyunçu özünə baxmalı və ən yaxşı şəkildə hazırlaşmalıdır”.