“Atletiko Madrid”in hücumçusu Dieqo Kostanın zədəsi tam sağalıb və o, ümumi qrupda məşq edib. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Dieqo Simeone Kostanın ilk dəqiqələrdən meydanda olacağını bildirib.
Kostanın zədəsi onun “Malaqa” ilə oyunu buraxmasına səbəb olub. Madridlilər isə aparıcı hücumçu olmadan qalib gələ bilməyiblər və çempion olmaq şansını əldən buraxıblar. Simeone isə hər şeyin arxada qaldığını vurğulayıb: “Kosta əla vəziyyətdədir. Onun məşqdə heç bir problemi yaranmadı. “Barselona” ilə ilk dəqiqələrdən meydanda olacaq”.
Baş məşqçi oyunla bağlı fikirlərini də bildirib: “Hər şeyi ilk dəqiqələrin həll edəcəyini düşünmürəm. Amma “Barsa”dan oyuna təzyiqlə başlayacaqlarını gözləyirəm. Fikrimcə, “Barselona”nın son həftələr ən gözəl oyununu görəcəyik. Onların çox gözəl komandası var və evlərində oynayırlar. Biz gözləyə biləcəyimiz ən çətin oyunu oynayacağıq. Biz güclü və zəif tərəflərimizi bilirik. “Atletiko”nun çempionluğu müdafiənin qələbəsi demək olacaqmı? Hücumda yaxşı oynamaq üçün, yaxşı müdafiən olmalıdır”.