Topaz Premyer Liqasında ardıcıl 6 oyunda məğlub olmaqla mövsümün antirekorduna imza atan “Sumqayıt” XX turun AZAL-la qarşılaşmasında 1 xal qazanıb – 2:2. Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə XIII turun noyabrın 8-də baş tutan qarşılaşmada “Rəvan”la bərabərə qalmışdı – 1:1.
93 gündən sonra xal sevinci yaşayan “Sumqayıt” qələbəsiz oyunlar seriyasını hələ dayandıra bilmir. III turda “Qəbələ”ni 2:1 hesabı ilə udan autsayder 17 matçdır qalib gəlmir.
“İnter”ə 1:2 hesabı ilə uduzan “Rəvan” isə ardıcıl 6-cı dəfə xalsız qalmaqla mövsümün antirekordunu təkrarlayıb. Bakılılar sonuncu dəfə ötən il noyabrın 24-də XIV turun “Qarabağ”la görüşündə xal qazanmışdı. Həmin qolsuz heç-heçədən sonra “Rəvan” 6 məğlubiyyət alıb. Bakı təmsilçisi həm də artıq 15 turdur qələbə qazana bilmir.