2016-cı il Avropa çempionatının seçmə mərhələsinin fevralın 23-də baş tutacaq püşkatması ərəfəsində əksər milli komandalar özləri üçün ideal qrupu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Şotlandiyada bunu yığmanın sabiq hücumçusu Kevin Qallaher edib.
Karyerası ərzində İngiltərədə “Blekbern” və “Nyukasl” kimi klublarda da top qovan Qallaher həmyerliləri üçün ideal qrupu bəyan edib: “Arzuladığım qrupda Bosniya və Herseqovina, Macarıstan, İsrail, Azərbaycan və Cəbəllütariqin yer almasını istəyirəm”.
Qallaher 5-ci səbətdən Azərbaycanla görüşmək istəyinin səbəbini də izah edib: “DÇ-2014-ün seçmə mərhələsinin pley-offuna qədər irəliləyən İslandiya 5-ci səbətin ən güclüsüdür. Onlar indi yüksəlişdədir. Çoxlarının tanımadığı gənc oyunçular əksər rəqiblərə problem yarada bilər. Azərbaycan isə 5-ci səbətdə hamıdan zəif təsiri bağışlayır. Düzdür, belə uzaq səfər problemlər yaratsa da, buna dəyər”.
Qeyd edək ki, Şotlandiya yığması indiyədək heç vaxt millimizlə qarşılaşmayıb. Amma yığmamızın çalışdırıcısı Berti Foqts vaxtilə bu komandaya rəhbərlik edib.