Stefano Mamarella: Azərbaycanla oyun ad günümə böyük hədiyyə idi
03.02.2014 - 09:37
Stefano Mamarella: Azərbaycanla oyun ad günümə böyük hədiyyə idi

“Komanda yoldaşlarımdan xahiş etmişdim ki, ad günüm münasibətilə 2:0 hesabı ilə qalib gəlsinlər. Bu mənim üçün hədiyyə olardı. Lakin biz 7:0 hesablı qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə İtaliya millisinin qapıçısı Stefano Mammarella deyib.

Futzal üzrə Avropa çempionatının qrup mərhələsinin son oyun günündə 30 yaşını qeyd edən qolkiper Azərbaycanla matçın qəhrəmanlarından olub. Dəfələrlə komandasını xilas edən yubilyar özü də qol vurmağı bacarıb. Matçdan sonra Mammarella ad günü hədiyyəsindən danışıb: “Komanda yoldaşlarımın ad günü hədiyyəsi çox böyük oldu. Hətta özüm də son iki ildə ilk dəfə qol vurdum. İndi matçın təhlilinə vaxt ayırıb oyunun gedişində nəyi düz, nəyi səhv etdiyimizi araşdırmalıyıq. Biz oyun günü səhərdən Azərbaycan yığmasının taktikası üzərində baş sındırırdıq. Bilirdik ki, onların qapıçını sahə oyunçusu ilə dəyişmək planı çox faydalı olur. Sloveniyaya məğlubiyyətdən sonra 4 gün idi cəhənnəm əzabı çəkirdik, indi isə qrup birincisi olduq. Gözümüzdə qan var idi və biz yalnız soyunub-geyinmə otağına döndükdə sakitləşdik. Həyat yoldaşım. Oğlum və bəzi yaxınlarım da bura gəlmişdi ki. ad günümü qeyd edək. Vurduğum qoçdan sonra onların tribunadakı sevincini görməyə dəyərdi”.

Qeyd edək ki, İtaliya millisi yığmamızı 7:0 hesabı ilə məğlub edib.