Millimizin sabiq hücumçusu Branimir Subaşiçi istəyən klubların sayı artıb. Apasport.az saytının məlumatına görə, hələ “Orduspor”la 1 illik müqaviləsi qalan serbiyalı futbolçu “Bucaspor”un ardından Türkiyənin başqa I dəstə təmsilçisinin də maraq dairəsinə düşüb.
“Orduspor”dan 100 min Türkiyə lirəsi alacağını istəməyib, “Bucaspor”a sərbəst futbolçu kimi keçmək istədiyi, hətta bu həftə müqavilə bağlamaq üçün İzmirə gələcəyi deyilən Subaşiç indi də “Boluspor”un transfer hədəfindədi. Bolu cəbhəsi izmirlilərdən fərqli, birbaşa “Orduspor” rəhbərliyi ilə görüşüb futbolçunun transferini tamamlamaq istəyir.
Qeyd edək ki, “Bucaspor”un vitse-prezidenti Adil Dəmir mətbuata verdiyi açıqlamasında Subaşiç kimi təcrübəli oyunçunun heyətdəki gənclərə böyük fayda verəcəyini bildirib. Həmin komandanın baş məşqçisi Sait Karafırtınalar isə Subaşiçdən başqa, hücum xəttinə ayrı transfer düşünmədiklərini deyib.