“Qəbələ”nin baş məşqçi postundan ayrılan Yuri Syomin bu postda 42 oyun keçirib. Apasport.az saytının məlumatına görə, 2013-cü ilin yayında ölkəmizə gələn rusiyalı mütəxəssis komandada çalışdığı müddətdə 21 qələbəyə sevinib.
Bu isə 50 faizlik göstəricidir. 10 heç-heçə görən Syomin 11 məğlubiyyətin acısını yaşayıb. Onun yetirmələri 57 qol vurub və 40-nı buraxıb.
Topaz Premyer Liqasında “Qəbələ”yə bürünc medallar qazandıran mütəxəssis 36 oyunda 18 qələbə, 7 heç-heçəyə şahid olub, 11 yenilgi görüb. Kubokdakı 6 qarşılaşmada isə rusiyalı uduzmayıb.
Düzdür, “Neftçi” ilə sonuncu olan final matçında “Qəbələ” uduzub. Lakin penaltilər seriyasının nəticələri heç bir hesablamada nəzərə alınmadığından, görüş məşqçinin hesabına heç-heçə kimi düşüb. Bu görüşlərin yarısı qələbə, yarısı heç-heçə ilə nəticələnib. Kubokda 11 qol vuran Syominli “Qəbələ” cəmi 4 qol buraxıb.