Tərlan Əhmədov: AZAL-ın hədəfi dəyişməyəcək
23.01.2015 - 17:49
Tərlan Əhmədov: AZAL-ın hədəfi dəyişməyəcək

“Hazırlığın gedişatından razıyam. Məşqlərlə yanaşı, yoxlama oyunlarına da yer veririk”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Əksər klublarımızdan fərqli olaraq, AZAL qış hazırlığını Bakıda keçirir. Amma bu məqam Əhmədovu narahat etmir: “Antalyaya getməmək rəhbərliyin qərarıdı. Belə məsləhət bilindi. Düzdü, Antalyada daha güclü sparrinq rəqiblər olur. Amma biz də boş dayanmırıq. “Qaradağ Lökbatan”, “Sumqayıt” və “Bakı” komandaları ilə qarşılaşmışıq. Sabah isə “Şuşa” ilə üz-üzə gələcəyik”.

 

Qış “transfer pəncərəsi”ndə Ruslan Nəsirli, Azər Məmmədov, Aleksandr Şemonayev və Valeri Kutsenkonu heyətinə qatan AZAL Nicat Qurbanovu icarəyə götürüb. Əhmədovun sözlərinə görə, “təyyarəçilər” başqa transfer etməyəcəklər: “5 futbolçu ilə gücləndik. 6-cı oyunçu almaq fikrimiz yoxdu. Bu heyətlə çempionatın sonuna qədər çıxış edə bilərik”.

 

Paytaxt klubunun çalışdırıcısı qış fasiləsindən sonra da AZAL-ın eyni məqsəd uğrunda mübarizə aparacağını əlavə edib: “İlk 2 dövrədən sonra turnir cədvəlinin 7-ci pilləsində qərarlaşmışıq. Qış fasiləsindən sonra da hədəfimiz dəyişməyəcək. Yenə bacardığımız qədər çox xal toplamağa, yuxarı pillələrdə qərarlaşmağa çalışacağıq. Bacarsaq, Avropa Liqasına vəsiqə qazanmaq istərdik”.