Tieqo de Xesus: Bu məğlubiyyətlərin bizə köməyi dəyəcək - MÜSAHİBƏ
31.03.2014 - 09:43
Tieqo de Xesus: Bu məğlubiyyətlərin bizə köməyi dəyəcək - MÜSAHİBƏ

“Xəzər Lənkəran” klubunun legioneri Tieqo de Xesusun apasport.az saytına müsahibəsi

 

- “Neftçi” ilə prinsipial görüşdə 0:1 hesabı ilə məğlub oldunuz. Zəif çıxışınızın səbəbini necə izah edərdiniz?

- Zəif çıxışımızın səbəbini bilmirəm. Hər halda, səfərdə ölkənin ən güclü komandalarından biri ilə qarşılaşırdıq. Matçın əvvəllərində ehtiyatlı oynamağa çalışdıq. Fasilədə qərara gəldik ki, daha yaxşı oynamalı, irəli atılmalıyıq. Bu düşüncəmiz ikinci hissədə bəhrəsini verdi. Fikrimcə, uduzsaq belə, birinci ilə müqayisədə, ikinci yarıda daha yaxşı oynadıq.

 

- Amma qarşılaşmanın taleyi yaxşı oynadığınızı iddia etdiyiniz ikinci hissədə həll olundu...

- Düzdü. Özünüz də gördünüz, bizim də qol vurmaq şansımız vardı. Təəssüf ki, matçın taleyini bir top həll etdi.  

 

- Ötən tur Lənkəranda “Simurq”a, bu dəfə isə “Neftçi”yə məğlub oldunuz. Xüsusilə, doğma meydanda uğursuz çıxış edirsiniz. Komandada nə baş verir?

- Futbolda enişli-yoxuşlu yollar olur. Əslində, ilə yaxşı başlamışdıq. İki ardıcıl qələbə qazandıq. Sonra isə komandada eniş başladı. Yəni, bu cür hallar mümkündür.

 

- “Xəzər Lənkəran” üçün çempionatın başa çatdığını iddia etmək olarmı?

- Sizinlə razılaşmamaq mümkün deyil. Hər şey çox çətin görünür. Ancaq “Xəzər Lənkəran” bütün oyunlara qələbə qazanmaq üçün çıxacaq. Komandanın imici, azarkeşləri üçün ən yaxşısını etməyə çalışacağıq.

 

- Bu məğlubiyyətlərin kubok oyununuza mənfi təsiri ola bilərmi?

- Təsir göstərməyəcək. Komandada kifayət qədər təcrübəli futbolçular var. Əslində, bu yenilgilər kubok oyunlarına daha yaxşı motivasiya olunmağımıza kömək edəcək. Çünki avrokuboklara vəsiqə qazanmaq üçün kuboku qazanmaqdan başqa çarəmiz qalmayıb.

0