Topaz Premyer Liqası: Klublar qruplaşma yaratdı
10.02.2014 - 13:59
Topaz Premyer Liqası: Klublar qruplaşma yaratdı

Topaz Premyer Liqasında 2014-cü ilin ilk 2 turu arxada qalıb. Apasport.az saytının məlumatına görə, III dövrənin startı ölkənin 10 ən güclü klubunun gücünə əsasən daha bir qrupa bölünməsi ilə nəticələnib.

 

Belə ki, Premyer Liqanın turnir cədvəlində artıq 3 deyil, 4 qrup formalaşıb.

 

Buna səbəb isə orta sıralarda qərarlaşan 5 komandanın fərqli nəticələr göstərməsidir. İlk “üçlük” – “Qarabağ”, “Neftçi” və “Qəbələ” diqqətçəkən fərqlə yenə izləyicilərindən uzaqda, autsayderlər “Rəvan”la “Sumqayıt” I diviziona yaxında qərarlaşıbsa, ortabablar artıq 1 deyil, 2 qrupda yer alıb.

 

İlin ilk oyununda itki nə olduğunu bilməyən cütlük – “Bakı” və “İnter” I qrupdan 5 xal geridə olmaqla yanaşı, öz izləyicilərini artıq 7 xal qabaqlayır. Bu isə kifayət qədər böyük fərqdir.

 

II qrupu formalaşdıran bu cütlüyün növbəti “üçlük”dən “qaçması” sonuncuların startdakı nəticələri ilə bağlıdır.

 

Belə ki, “Xəzər Lənkəran” 4, AZAL 1 xal qazandığı startda “Simurq” məğlubiyyətləri qoşalaşdırıb.  Autsayderləri bu qrupdan artıq 16 xal ayırır.