“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli komandanın səfər oyunlarına gedib-gəlməsi üçün rəhbərlikdən təyyarə istəyib. Azərbaycan futbolu üçün çox böyük istəkdi və bunu məşq öncəsi futbolçulara da çatdıran türkiyəli çalışdırıcı arzusunun yaxın zamanlarda reallaşacağına ümid edir. Sanki, komandanın uğur qazanmasına mane olan məhz təyyarə imiş. Bəyəm 10 yaşlı komandanın 2007-ci ildəki çempionluğu, 3 dəfə ölkə kuboku, 1 dəfə Superkubok və “Birlik Kuboku” qazandığı vaxtlarda təyyarə vardı?
Rəhbərlik Mustafa bəyin arzusunu yerinə yetirəcək, ya yox, bunu bilmirik. Amma bildiyimiz odur ki, Dənizli cənablarına indi təyyarədən daha çox futbolçulara qarşı saymazyana münasibətini dəyişməsi vacibdir. Əgər türkiyəli uğursuzluğa səbəb kimi təyyarənin olmamağını göstərirsə, yanılır.
Qış fasiləsindən sonra cənub təmsilçisi mərkəzi arenada “Qarabağ”ı məğlub edib, Lənkərandakı qalmaqallı görüşdə “Neftçi” ilə heç-heçə oynayandan sonra, səfərdə “Qəbələ”dən də 3 xal qopardı. Həmin vaxt ilk baxışdan hər şeyin qaydasında olduğu görünsə də, əslində, komanda daxilində problemlər baş qaldırmışdı. O problemlər ki, futbolçuların əksəriyyəti Dənizlinin xarakterindən, məşqlərdə işlətdiyi təhqiramiz ifadələrdən narazı idi. Komandanı həftənin az qala 6 günü “kampa” salan mütəxəssis futbolçuların istirahətinə müəyyən qadağalar qoymuşdu. Həmin qadağalardan biri də - nə qədər inandırıcı olmasa belə - futbolçulara aşkar yerdə namaz qılmaq qadağası idi!
Bax, hər şey bundan başlamışdı Mustafa bəy! Legionerlərin klubdaxili iclasda sizə səsləndirdiyi etirazlar, iradlar yadınızdadı?
İndi rəhbərlik təyyarə axtarmaq əvəzinə, öncə sizdən hesabat istəməlidi ki, komandanın autsayderlər qrupunda qərarlaşan “Rəvan”a uduzmasının əsl səbəbi nədir? AZAL-la oyunda 2 top fərqi ilə öndə ola-ola, 3 xaldan niyə məhrum oldular? Yanvarda edilən transferlər – od qiymətinə alınan Elias və Deyan Blajevski niyə Junior Nildo ilə Zohair Benouahinin daim yer aldığı “ölülər” arasındadır?
Kim nə deyir desin, indiki ilə Con Toşakın vaxtındakı “Xəzər Lənkəran” arasındakı elə də böyük fərq yoxdur. Fərq odu ki, Toşak velosiped istəmişdi, Dənizli isə təyyarə. Uğursuz nəticələr də göz qabağında. Toşakın ən böyük uğuru Superkubok oldu. Çempionatda iddiası qalmayan Dənizlinin komandası isə gözünü yarımfinala yüksəldiyi ölkə kubokuna dikib.
Amma bu düşüncə ilə kubokun Lənkərana gedəcəyi çətin görünür.
Görünən, həm də Dənizlinin bu xarakteri ilə uğurlu gələcəyinin görünməməsidi...