Totti Avstraliyaya gedə bilər
07.03.2014 - 00:01
Totti Avstraliyaya gedə bilər

 

 

Futbol üzrə Avtraliya çempionatının lideri “Brisben Roar” İtaliyanın “Roma» klubunun əfsanəsi Françesko Tottiyə maraq göstərir. Apasport.az saytının məlumatına görə, bu barədə “Brisben”in vitse-prezidenti Kris Fonq bildirib.

 

37 yaşlı Totti karyerası boyunca ancaq “Roma”da oynayıb. Onun klubla müqaviləsi 2016-cı ilə kimi qüvvədədir.

 

Kris Fonq bildirib ki, Totti kimi dahi çempionu ələ keçirə bilsəydilər, əla olardı: “İki il əvvəl “Sidney” Alessandro del Pyero kimi futbol ikonasını sıralarına qata bilib. O, indi “Sidney”in ikonasıdır. Totti isə bizim klubumuzda belə bir status qazana bilərdi. O artıq əfsanədir. Bizdə isə kral kimi qəbul edilərdi. Avstraliyanın A Liqası del Pyeronun gəlişindən sonra xeyli yüksəlib. Mən bilirəm ki, Totti “Roma”nın simvoludur. Amma futbolda hər şey ola bilər”.

 

“Brisben” ötən il Avstraliya çempionatında beşinci olub. Bu mövsümün 21 turundan sonra isə liderdir.