[b]Türkiyəli pilotun "avtoşluğu" və ya Antalyadan gələn "Bravo, bravo" sədası[/b]
21.02.2015 - 00:00
[b]Türkiyəli pilotun "avtoşluğu" və ya Antalyadan gələn "Bravo, bravo" sədası[/b]

Keçən ilin sonunda millimizin “sükanı arxası”na gətirilən Robert Prosineçki ilk toplanışına bu gün start verdi. Yığmamızın 2015-ci ildəki ilk toplanışı üçün Antalyanın məkan seçildiyi çoxdan bəlli idi.

 

Antalyaya geniş heyətlə

 

Adətən qışda təlim-məşq toplanışı üçün Dubaya yollanan millinin budəfəki səfəri daha geniştərkibli idi. Çünki əsas yığmanın oyunçu və məşqçi heyəti ilə yanaşı, U-21 və aşağı yaş qruplarının da üzvləri bu səfərdə iştirak edirdilər. U-16 və U-17-nin də Antalyaya yollandığını nəzərə alsaq, səfərin geniştərkibli olduğunu anlamaq olar. Bundan əlavə, məşqçilər komitəsinin 3 üzvü - Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Şahin Diniyev də Türkiyəyə "təyinat almışdı". Əvəzində iki futbolçu Bakı hava limanında gözə dəymirdi. Bunlar çempionatın XXIII turunda zədələndikləri üçün son anda millinin heyətindən çıxarılan Səlahət Ağayev və Rəşad Sadiqov idi.

 

Türkiyə səmasında həyəcan

 

Çarter reysi ilə hərəkət edəcək təyyarə Bakı vaxtı ilə saat 09:00-da havaya qalxmalı idi. Amma naməlum səbəbdən yubanma oldu və təyyarə təxminən 10:15-də hərəkətə düşdü. Təyyarənin havaya qalxması və sonrakı hərəkət prosesini normal adlandırmaq olar. Ta ki, enmə prosesinin şahidi olana qədər.

 

Türkiyə səmasında olduğunu hiss edən pilota sanki "avtoşluq" həvəsi gəlmişdi. Aralıq dənizinin üstündə pilotun sərgüzəştlərini izlədik. Təyyarənin dənizin üzərində bir neçə dəfə dövrə vurması heyəti əməlli-başlı narahat etdi. Havada ani olaraq, aşağı-yuxarı hərəkət edən təyyarənin yerə sağ-salamat düşəcəyinə şübhə edənlər az deyildi. Odu ki, təyyarə yerə endikdən sonra adət etdiyimiz kimi, pilotu alqışlamaq prosesi yaşanmadı. Hamının başı dərindən ah çəkməyə qarışmışdı.

 

Bərpa xarakterli ilk məşq

 

Antalya hava limanında pasport yoxlamasından keçdikdən sonra yollar ayrıldı. Milli üzvləri qalacaqları, jurnalistlər isə onlar üçün ayrılan otelə yollandılar: yerli vaxtla 16:30-da yenidən görüşmək üçün.

 

Prosineçki ilk məşqini toplanışın elə ilk gününəcə saldı. Bakı vaxtı ilə isə 18:30-da start götürəcək məşq prosesinin yüngül olacağı əvvəlcədən bəlli idi. Çünki milli üzvləri çempionat oyunlarından yenicə çıxmışdılar. Yol yorğunluğunu da nəzərə alsaq, Prosineçki yetirmələrini çox yükləyə bilməzdi. Elə də oldu. Prosineçkinin ilk məşqi bərpa xarakteri daşıdı.

 

Prosineçki cavanlığını yada saldı

 

Meydanın bir hissəsində futbolçuları başına toplayan xorvatiyalı çalışdırıcı öncə onlara ümumi fikirlərini çatdırdı. Təxminən 5 dəqiqəlik söhbətdən sonra məşqə start verildi. Məşq prosesi futbolçuların qaçaraq, stadionu dövrə vurması ilə başladı. Bundan sonra yüngül hərəkətlər edən oyunçular daha sonra "kvadrat"a keçdilər. Futbolçulardan ötürməni tez bir zamanda etməsini tələb edən Prosineçki "kvadrat"da özü də iştirak etdi və bəzi hərəkətləri ilə futbolçu dövrünü yada saldı.

 

Milli üzvlərinin performansı xorvatiyalını razı saldı. Bunu Prosineçkinin tez-tez "Bravo, bravo" kəlməsini işlətməsindən anlamaq olardı. Xüsusilə Cavid Hüseynovun fəallığını bəyənən Prosineçki bir epizodda onun başını sığalladı.

 

Maksim Medvedevə nə olub?

 

Məşqdə diqqətçəkən digər məqam isə Maksim Medvedevlə bağlı oldu. Yalnız qaçışla kifayətlənən "Qarabağ"lı futbolçunun zədə səbəbindən kollektivdən kənarda qaldığını güman etsək də, futbolçu özünü yaxşı hiss etdiyini bildirdi.

 

Tengiz MƏMMƏDOV / Antalya