“Hadisə “Neftçi” rəsmilərinin iddia etdikləri kimi ciddi deyil. Orda hansısa böyük problem baş verməyib”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.
Topaz Premyer Liqasının XX turunda bu gün “Xəzər Lənkəran”la qarşılaşacaq “Neftçi” klubunun avtobusu Lənkəranda daş-qalaq olunub. Dünən axşam saatlarında baş verən hadisə nəticəsində avtobusun şüşəsi sındırılıb. Buna etiraz edən paytaxt təmsilçisi eyni hadisənin saat 16:00-da başlayacaq qarşılaşmada da təkrarlanacağından ehtiyatlanır.
Nadirov əməkdaşımızla söhbətində hadisədən xəbərdar olduqlarını bildirib: “Əgər hansısa xuliqan tərəfindən avtobusa daş atılıbsa, bunu bu qədər şişirtmək, bütün lənkəranlı azarkeşlərin adına yazmaq düzgün deyil. Bu komandaya məxsus avtobusun şüşəsinin yalnız bir qatı sınıb. Ona qalsa, “Neftçi” azarkeşləri Bakıda bizim avtobusun 8 şüşəsini sındırıblar, amma biz bunu şişirdib, ictimailəşdirməmişik. Fikrimcə, oyun öncəsi belə ajiotaj yaratmaq əhəmiyyətsizdi. Hüquq-mühafizə orqanları və komandamızın mühafizə xidmətinin əməkdaşları tərəfindən hər şeyə nəzarət edilir. Oyun zamanı heç bir problem ola bilməz”.
Nadirovun sözlərinə görə, hazırda “Xəzər Lənkəran”ın mühafizəçiləri də “Neftçi” klubunun yanındadır: “Onlar həm yolda, həm də oyunda “Neftçi”ni müşayiət edəcəklər. Şüşəni sındıran şəxs isə tapılıb, haqqında ölçü götürüləcək”.