[b]UEFA Azərbaycan kubokunun qalibinə güzəşti ləğv etdi[/b]
02.12.2014 - 13:26
[b]UEFA Azərbaycan kubokunun qalibinə güzəşti ləğv etdi[/b]

UEFA Azərbaycan kubokunun qalibinə güzəşti ləğv etdi Sabah 1/8 final mərhələsinin oyunları keçiriləcək Azərbaycan kubokunu qazanmağın Avropadakı dəyəri düşür. Apasport.az saytının məlumatına görə, buna UEFA-nın avrokuboklardakı klub bölgüsündə dəyişiklik etmək istəyi səbəb olacaq.

 

Belə ki, qurum 2015-18-ci illərdə qitə miqyaslı turnirlərə qatılacaq komandalarla bağlı yeniliklər edəcək. Dəyişikliklər əsasən Avropa Liqasına qatılan kubok sahibləri ilə bağlı olacaq. Artıq UEFA reytinqində 24-54-cü olan 31 ölkənin kubokunun sahibi I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Hərçənd, bu, cari mövsümdə 35-54-cü yerlərə şamil olunurdu. Məhz buna görə də daha yüksək pillədə qərarlaşan Azərbaycan güzəştə malik idi.

 

Nəticədə ölkə kubokunun son qalibi “Neftçi” Avropa Liqasının I təsnifat mərhələsindən azad idi. Gələn mövsüm üçün klub bölgüsü zamanı reytinqdə 32-ci kimi qəbul ediləcək ölkəmiz üçün isə artıq bu amil keçərli olmayacaq. Bu üzdən də cari mövsümdə kuboku qazanan komanda birbaşa II təsnifat mərhələsi deyil, elə ilk təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

 

Qeyd edək ki, 2015/16 mövsümünün klub bölgüsü zamanı ölkələrin 2013/14 mövsümünün sonunda yer aldığı mövqelər əsas götürülür. Hazırda 29-cu olan Azərbaycan isə həmin vaxt 32-ci idi.