Futbol üzrə 2016-cı il Avropa çempionatının seçmə mərhələsinin püşkatması zamanı yığmaların bölüşdürüləcəyi səbətlərin tərkibi rəsmən açıqlanıb. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsi başa çatan kimi bəlli olan təxmini səbətlər artıq UEFA tərəfindən təsdiqlənib.
Qurum fevralın 23-də atılacaq püşk öncəsi komandaları 6 səbətə bölüb.
Azərbaycan milli komandası 5-ci səbətdə yer alıb. Avropanın 54 yığması 9 qrupa bölünəcək. Lakin meydan sahibi kimi final mərhələsində yeri təmin olunan Fransa seçmə oyunlarına müsabiqədənkənar qatılacaq. Öz qrupunun komandaları ilə yoxlama oyunları keçirəcək Mişel Platininin həmyerliləri sonuncu səbətdə qərarlaşıb.
Qeyd edək ki, UEFA-nın reqlamentinə əsasən Azərbaycanla Ermənistan, Rusiya ilə Gürcüstan, İspaniya ilə Cəbəllütariq eyni qrupa düşə bilməz.
1-ci səbət: İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Portuqaliya, Yunanıstan, Rusiya, Bosniya və Herseqovina
2-ci səbət: Xorvatiya, Ukrayna, İsveç, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya
3-cü səbət: Serbiya, Türkiyə, Sloveniya, İsrail, Norveç, Slovakiya, Rumıniya, Avstriya, Polşa
4-cü səbət: Monteneqro, Ermənistan, Şotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, Belarus
5-ci səbət: İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr
6-cı səbət: Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Farer adaları, Malta, Andorra, San Marino, Cəbəllütariq, Fransa