“Azərbaycana üz tutan futbolçuların yığmaya yolu bağlanmayıb. Özünü yaxşı tərəfdən göstərən hər futbolçunu milliyə dəvət edəcəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna yığmasının baş məşqçisi Mixail Fomenko deyib.
Ölkəsinin mətbuatına müsahibə verən təcrübəli çalışdırıcı Azərbaycan çempionatında oynayacaq ukraynalıların da milliyə çağırılmaq şanslarının olduğunu qeyd edib. “Qarabağ”ın Avroliqadakı çıxışını xatırlayan Fomenko futbolumuz haqda müsbət fikirlər səsləndirib: “Azərbaycana üz tutan futbolçular geriyə addım atırlarmı? Xeyr. Mən belə düşünmürəm. “Qarabağ”ın Avroliqada “Dnepr”ə qarşı keçirdiyi oyunları xatırlayın. Azərbaycanın güclü komandaları bizim əksər klublardan geri qalmırlar. Onlar qarşılarına hər il avrokuboklarda oynamağı məqsəd qoyurlar”.
Qeyd edək ki, qış “transfer pəncərəsi”ndə 3 ukraynalı futbolçu - Aleksey Qay, Dmitri Bezotosnı və Ruslan Fomin “Qəbələ” ilə anlaşıblar.