Ukraynalı məşqçi: Qriqorçuk “Qəbələ”ni daha da gücləndirəcək
19.01.2015 - 12:41
Ukraynalı məşqçi: Qriqorçuk “Qəbələ”ni daha da gücləndirəcək

“Qəbələ”nin oyunu çox xoşuma gəldi. Güclü futbolçulardan təşkil olunmuş komandadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Vorskla”nın baş məşqçisi Vasili Saçko deyib.

 

Antalyada təlim-məşq toplanışında olan Ukrayna təmsilçisi son yoxlama görüşündə “Qəbələ” ilə qarşılaşıb. Saçko isə “Qəbələ”nin güclü çıxışını baş məşqçi Roman Qriqorçukla əlaqələndirib: “Bu komandanı Qriqorçukun çalışdırdığını bilirəm. O, çox güclü məşqçidi, komandasını daha da gücləndirəcək. O ki qaldı oyuna, demək olar ki, bərabər səviyyədə mübarizə keçdi. Azərbaycan klubunun kiçik üstünlüyü var idi. Müdafiədə çox səhv etdik, hücumda isə “dişsiz” göründük. Bu da rəqibin güclü olmasından qaynaqlanırdı”.

 

Qeyd edək ki, “Qəbələ” – “Vorskla” oyunu təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.