“Barselona”nın qapıçısı Viktor Valdes komanda yoldaşları və azarkeşlərlə vidalaşıb. Apasport.az saytının məlumatına görə, futbolçu Kataloniya klubuna son sözlərini vida məktubu vasitəsilə çatdırıb.
Zədələndiyinə görə uzun müddətdir forma geyməyən Valdes müqaviləsi başa çatdığı üçün “Barselona”dan ayrılıb. O, vida məktubunda hamıya təşəkkür edib: “Vidalaşmağın vaxtı yetişib. Təəssüf edirəm ki, meydanda olduğum zaman vida edə bilmədim. Buna görə də, məni mən edən hər bir şəxsə vida məktubu göndərirəm. 10 yaşımdan bu yana mənim yaxşı qapıçı olmağım üçün çalışan hər bir məşqçimə, ilk növbədə gənc yaşımda məni qapıya buraxan Lui Van Qala təşəkkür edirəm. Mənə ehtiyacım olan zaman etibar edən Frank Raykarda, bizə çox gözəl rəhbərlik edən Pep Qvardiolaya və bizə komanda kimi qazanmaq üçün xarakter sahibi olmağın önəmini göstərən Tito Vilanovaya sonsuz təşəkkürümü bildirirəm. Birlikdə olduğum bütün yoldaşlarım, sizinlə sinəmdə “Barselona” emblemi daşıyaraq qələbələr əldə etmək xoşbəxtlik idi. Hamınıza təşəkkür edirəm. Son olaraq hər şeydən önəmli olan və 12 il ərzində təmənnasız olaraq dəstəkləyən tərəfdarlara təşəkkür edirəm. Sizin dəstəyinizi hiss etmək böyük qürur verirdi. Hər kəsə min dəfələrlə təşəkkür edirəm. Məni bundan sonra da dəstəkləyəcəyinizə əminəm”.
“Barselona” məktəbində yetişən və 2002/2003-cü illər mövsümündən etibarən əsas komandada oynamağa başlayan Valdesin bu mövsümdən etibarən “Monako” klubuna keçəcəyi gözlənilir. Bəzən İspaniya mediası tərəfindən sərt tənqid edilən 31 yaşlı Valdes 5 dəfə İspaniya çempionatının ən az qol buraxan qapıçısına verilən “Zamora Trophy” mükafatını alıb. İker Kasilyasın əvəzedicisi olduğu üçün İspaniya millisində cəmi 20 dəfə oyuna çıxan təcrübəli qapıçı “Barselona” forması ilə 535 rəsmi oyuna çıxıb. O, ən çox matç keçirən oyunçular siyahısında ancaq Xavi, Karles Puyol və Miqueldən geri qalır.