“Mançester Yunayted”in hücumçusu Robin van Persi uğrunda mübarizə başlayıb. Apasport.az saytının məlumatına görə, “qırmışı şeytanların” baş məşqçisi Devid Moyeslə sözü düz gəlməyən və mövsümün sonunda komandadan ayrılmağa hazırlaşan van Persi ilə “Monako”, “Çelsi” və “Yuventus” maraqlanır.
Hollandiya yığmasının 30 yaşlı hücumçusunun “Monako” və ya “Çelsi”yə keçə biləcəyi vurğulanır. Çünki “Yuventus” öz futbolçularına ildə 5 milyon avrodan çox pul vermir. Van Persi isə “Mançester Yunayted”də bütün vergilər çıxılandan sonra 7,8 milyon avro alır.
Məlumata görə, “MY” van Persini 18-20 milyon avroya satmağa hazırdır. Hollandiyalı hücumçunun komanda ilə müqaviləsi 2016-cı ildə bitir.