Lus van Qal keçmiş köməkçisi Joze Mourinyo ilə aralarındakı dialoqdan danışıb. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis portuqaliyalı baş məşqçinin onu qısqandığını bildirib.
Van Qal “Ayaks”, “Barselona”, “Bavariya” kimi klublarla böyük uğurlara imza atandan sonra “Mançester Yunayted”də də bu uğuru təkrarlamaq niyyətindədir. O, baş məşqçi postuna təyinatından sonra onu ilk təbrik edənlər arasında Joze Mourinyonun da olduğunu söyləyib: “Məni ilk təbrik edənlərdən biri oldu. Mesaj yazaraq təbrik etdi və SV-mi qısqandığını söylədi”.
Qeyd edək ki, Alex Ferqüssonun “Mançester Yunayted”i tərk etməsindən sonra potensial baş məşqçilər sırasında Mourinyonun da adı çəkilirdi. Amma rəhbərlik klubun başına Devid Moyesi gətirməyə üstünlük verdi.
62 yaşlı van Qal klub rəhbərliyində çalışan Ferqüssonla aralarında problem olmayacağını düşündüyünü bildirib: “Bir neçə dəfə birlikdə içki içmişik. Güman edirəm ki, bunu təkrarlayarıq və onun mənə təzyiqi olmaz. Mən özüm özümə təzyiq edən şəxsəm. “Mançester Yunayted”i alışdığı mövqeyə qaytarmalıyıq. Hamı məndən bunu gözləyir”.
Hollandiyalı mütəxəssis 2002-ci ildə də “MY”ya başçılıq etmək şansının olduğunu bildirib: “Alex Ferqüsson o zaman da təqaüdə çıxmaq qərarına gəlmişdi. O vaxt da komandaya rəhbərlik etməyim gündəmdəydi. Amma Ferqüsson geri dönmək qərarı qəbul etdi”.