Van Qal üçüncülük uğrunda matçın ləğvini istəyir
11.07.2014 - 02:17
Van Qal üçüncülük uğrunda matçın ləğvini istəyir

 

Hollandiya yığmasının baş məşqçisi Lui van Qal dünya çempionatında üçüncü yer uğrunda oyunun ləğv edilməsini istəyib. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis belə oyunların idman marağı yaratmadığını iddia edib.

 

Van Qal artıq 10 ildir belə matçların oynanılmasının ləğv edilməsinin vacibliyi barədə danışdığını vurğulayıb: “Belə çıxır ki, bütün turniri çox yaxşı keçirsən də, amma uduzaraq, çempionatdan iki dəfə məğlub ayrıla bilərsən. Həmişə demişəm: bu oyunu oynamaq olmaz. Onun idmanla heç bir əlaqəsi yoxdur. Belə turnirlərdə ancaq bir idman nailiyyəti var – çempion olmaq. Amma biz oynayacağıq. Həm də ki, bizim hazırlıq üçün vaxtımız Braziliya millisinə nisbətən 1 gün azdır”.