Türkiyə çempionatında 2014/15 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, Superliqa və I liqada mübarizə aparan Azərbaycan futbolçularının komandaları da ilk oyunlarını keçiriblər.
Yüksək dəstədəki yeganə futbolçumuz Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” uğursuz starta üzülüb. Onlar öz meydanında “Qaziantepspor”a uduzub – 1:2. Adı “18-liy”ə daxil edilən Cihan meydana çıxmayıb.
I liqada debüt edən Timur Təməltaşın formasını geydiyi “Altınordu” səfərdə “Bucaspor”la qarşılaşıb. Təmsilçimiz 1:1 hesabı ilə başa çatan qarşılaşmaya start heyətində çıxıb. Gənc futbolçu 86-cı dəqiqədə əvəzlənib.
Branimir Subaşiçin “Manisaspor”da debütü uğursuz alınıb. Bu komanda öz meydanında “Alanyaspor”a 0:3 hesabı ilə uduzub. Yığmamızın sabiq hücumçusu 90 dəqiqə meydanda olub.
Rail Məlikovun yenidən sıralarına döndüyü “Dənizlispor” səfərdə “Adana Dəmirspor”la görüşüb. Oyun bərabərliklə nəticələnib – 1:1. Müdafiəçimiz bu qarşılaşmada “18-liy”ə də düşməyib.
Mahir Şükürov “Karşıyaka”da ilk oyununu keçirib. “Antalyaspor”la görüşdə 90 dəqiqə meydanda olan futbolçu sarı vərəqə də alıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
“Qaziantep BB” - “Boluspor” matçı isə qeyri-adi halla əlamətdar olub.
Belə ki, birdən-birə 3 futbolçumuz start heyətində meydana çıxıb. Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyev “üçlüy”ü “Qaziantep BB”in heyətində 90 dəqiqə meydanda olub. İlk qolunu debüt matçında vuran Cavadov 33-cü dəqiqədə hesabı açsa da, komandası üstünlüyünü qoruya bilməyib.