Vaqif Sadıqov: Həm futbolçu, həm də məşqçi kimi özünü təsdiq edib
09.01.2015 - 16:56
Vaqif Sadıqov: Həm futbolçu, həm də məşqçi kimi özünü təsdiq edib

“Bildiyiniz kimi, Məşqçilər Komitəsinin U-21-in baş məşqçi postuna dəvət etdiyi məşqçilər arasında Yaşar Vahabzadənin də adı var idi. Hətta biz Yaşar müəllimin uzun müddət U-21-də çalışdığını nəzərə alaraq əsas namizəd kimi onun adını təklif etmişdik”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

 

Bu gün AFFA prezidentinin əmri ilə 21 yaşadək futbolçulardan ibarət yığma komandanın baş məşqçi postu Yaşar Vahabzadəyə həvalə edildi. Qərarın qəbul edilməsində Məşqçilər Komitəsinin də əməyi az deyil. Belə ki, uzun müddətdir U-21-də məşqçi kimi çalışan Vahabzadənin namizədliyini komitə üzvləri dəstəkləyib və assosiasiya rəhbərliyinə təqdim edib. Təyinatla bağlı fikrini açıqlayan Sadıqov sabiq müdafiəçinin artıq özünü sübut etdiyini vurğulayıb: “Sevindirici haldır ki, AFFA rəhbərliyi Məşqçilər Komitəsinin təklifinə hörmətlə yanaşıb onun namizədliyini təsdiqlədi. Yaşar Vahabzadə uzun müddətdir U-21-in məşqçisidir. Həm futbolçu, həm də məşqçi kimi özünü təsdiq edib. Futbolumuzun inkişafı istiqamətində bu təyinatı yüksək qiymətləndirir, yığmamızın onun rəhbərliyi altında daha da inkişaf edəcəyini ümid edirik”.