[b]Vəli Qasımov: Birinci dəfədi ki, belə halla rastlaşıram[/b]
07.03.2015 - 16:02
[b]Vəli Qasımov: Birinci dəfədi ki, belə halla rastlaşıram[/b]

“İcraiyyə  Komitəsinin son iclasında qəbul edilən qərarlarla tanışam. Legioner limitini əvvəlki kimi saxladılar. Məncə, klublarımızda nə qədər çox azərbaycanlı futbolçu oynasa, bir o qədər yaxşıdı”. Bu sözləri apasport.az saytına açıqlamasında Vəli Qasımov deyib.

 

Uzun müddətdi işsiz qalan təcrübəli məşqçi İcraiyyə Komitəsinin son iclasında qəbul edilən qərarlarla bağlı münasibətini bildirib. Onun fikrincə, legioner limitində dəyişiklik edilsəydi, daha yaxşı olardı: “İK üzvləri belə qərar qəbul ediblər, özləri bilən yaxşıdı. Bizim Premyer Liqa və I Divizion daxil olmaqla, iki əsas liqamız var. Liqalarımızın sayı çox deyil ki, uşaqlar özlərini göstərə bilsinlər. Bu mənada deyirəm ki, legioner limitində dəyişiklik edilsəydi, futbolumuza daha faydalı olardı”.

 

Qasımov 21 və 23 yaşlı futbolçuların maaşlarına qoyulan limitlə bağlı da danışıb: “Birinci dəfədi ki, belə halla rastlaşıram. Dünyanın heç bir yerində futbolçuların maaşlarına limit qoyulmur. Klublar özləri bu məsələdə razılıq əldə ediblər. Məncə, düzgün deyil, limit qoyulmamalı idi. 21 və 23 yaş futbolçunun özünü göstərdiyi əsas dövrdü. Bizdə bir qədər fərqli düşünürlər. 21 yaşlı futbolçunu gənc adlandırırlar. Halbuki elə deyil. Həmin yaşda olan futbolçu artıq gənc sayılmamalıdı”.

 

Keçmiş futbolçu Premyer Liqada çıxış edən komandaların sayının artırılmasının tərəfdarıdı: “Qəbul olunan qərara əsasən, yüksək liqada oynayan komandaların sayı 10 olaraq qalacaq. Halbuki iştirakçıların sayının artırılacağı gözlənilirdi. İstərdim ki, Premyer Liqada 14 komanda mübarizə aparsın. I Divizionda “Zirə”, “Kəpəz”, “Rəvan”, “Neftçala” və “Qaradağ Lökbatan” kimi komandalar var ki, onlar Premyer Liqada oynamaq istəyirlər. Düzdü, maddi vəziyyətləri imkan vermir ki, iddialılarla ayaqlaşsınlar. Lakin cavan uşaqların oynaması mənasında, onların Premyer Liqaya gəlişi çox yaxşı olardı. Komanda az olanda çoxlu sayda futbolçu itib-batır. Say artırılsa, cavan uşaqlar da özlərini göstərərlər. Bu isə Azərbaycan futbolunun xeyrinə olar”.

 

Tengiz MƏMMƏDOV