“Bildiyim qədəri ilə Eddi İsrafilov İspaniyada çox oynamır. Bu mənada, AFFA-nın ona görə külli miqdarda pul xərcləyəcəyinə inanmağım gəlmir”. Bu sözləri apasport.az saytına açıqlamasında Vəli Qasımov deyib.
“Qranada”nın futbolçusu Eddi İsrafilovun Azərbaycan yığmasında oynamaq ehtimalını dəyərləndirən təcrübəli mütəxəssis sözlərinə belə davam edib: “Əgər klubunun heyətində mütəmadi oynasaydı, onda hə, düşünmək olardı. Amma oynamırsa, vəziyyət fərqlidi. Azərbaycan millisində oynamağı özü istəsə, gəlsin. Bunu normal qarşılamaq olar. İlk növbədə, baxışdan keçməli olduğunu anlamalıdı. Oynamağa razılıq versə belə, bu, o demək deyil ki, millidə mütləq möhkəmlənəcək”.
Qasımovun fikrincə, hər şey İsrafilovun özündən asılıdı: “Düzdü, İspaniyada futbol mühiti tam başqadı. Ordakı məşqlər, oyunlar açıq-aşkar fərqlənir. Amma unutmayaq ki, bu vaxta qədər Azərbaycana nə qədər ispan və portuqaliyalı futbolçular gəlibsə, uyğunlaşa bilməyiblər. Eyni vəziyyətlə İsrafilov da üzləşə bilər. Eddi istəyir ki, böyük futbolçu olsun. Lakin bu yolda hələ ilk addımlarını atır. Eddinin millinin baş məşqçisinin oyun sisteminə uyğun gəlib-gəlməməsi məsələsi də var. Yenə deyirəm, AFFA-nın bu futbolçuya görə külli miqdarda pul xərcləyəcəyi inandırıcı deyil. Gəlsin, hələ özünü göstərsin, sonra pul tələb edər”.
Qeyd edək ki, Vəli Qasımov 1993-1997-ci illər ərzində karyerasını İspaniyada davam etdirib. O, bu müddətdə “Betis”, “Albasete” və “Esixa” klublarının formasını geyinib.
Tengiz MƏMMƏDOV