Məşhur argentinalı futbolçu Xuan Sebastyan Veron futbolçu karyerasını xoşbəxt şəkildə bitirdiyini elan edib. Aparsport.az saytının məlumatına görə, Veron Argentina çempionatı çərçivəsində vida matçında “Estudiantes”in heyətində meydana çıxıb.
“Estudiantes” bu oyunda “San-Lorenso”nu 3:0 hesabı ilə məğlub edib. Vida matçı 39 yaşlı Veronun professional karyerasında 500-cü oyunu olub.
Veron “Estudiantes”in onun doğma evi olduğunu bəyan edib: “Mən karyerama burada başlamışam və burada da başa çatdırıram. Mən xoşbəxt gedirəm, bundan yaxşı sonluq ola bilməz. Bu, mənim karyeramın çox gözəl sonluğudur”.
Veron ikinci dəfə karyerasını bitirir. Bundan əvvəl o, 2012-ci ildə futboldan getdiyini bəyan etmişdi.
Xuan Sebastyan Veron karyerası ərzində İtaliyanın “Sampdoriya”, “Parma”, “Latsio” və “İnter” klublarında çıxış edib. İngiltərədə “Mançester Yunayted” və “Çelsi”nin formasını geyib. Vətənində isə “Estudiantes”dən əlavə “Boka Xuniors” və “Bransen”in heyətində oynayıb. O, İtaliya, İngiltərə və Argentina çempionu olub, iki dəfə Cənubi Amerikanın ən yaxşı futbolçusu seçilib.