“Açığı, Sloveniya ilə asan oyun keçəcəyini gözləyirdik. Ancaq rəqibimiz göstərdi ki, əbəs yerə İtaliyanı udmayıb. Oyuna yaxşı başlasaq da, sonradan qol buraxmaqla planlarımız alt-üst oldu. Ancaq həmişə olduğu kimi qapıçını çıxarıb 5-in 4-ə yaxşı oynadıq. Həmin müddətdə 5 qol vurub cəmi 1-ni qapımızdan buraxdıq”. Bunu apasport.az saytına futzal üzrə millimizin kapitanı Vitali Borisov deyib.
Millimiz Belçikanın Antverpen şəhərində keçirilən Avropa Çempionatına Sloveniya üzərində qazandığı möhtəşəm qələbə (7:6) ilə başlayıb. Bu oyunun 29-cu dəqiqəsinin 20-ci saniyəsində hesabı bərabərləşdirən (5:5) Borisov çox səhvlərə yol verdiklərini bildirib: “Hiss olunurdu ki, Sloveniyada ilk oyunun yorğunluğu var. Sadəcə, 6 qolun 5-ni öz səhvimizdən buraxdıq. İtaliya ilə görüşdə belə səhvləri təkrarlamamalıyıq. Onlarla matçda 2:5 hesablı yenilgidən sonra qələbə qazanmaq çətin olar”.
Vitali oyundan sonra Sloveniyanın kapitanı İqor Osredkarla dava etməsinin səbəbinə də aydınlıq gətirib: “O elə bilirdi ki, mən qaydanı pozmuşam, sadəcə hakim oyunu dayandırmayıb. Ancaq oyun gərgin keçdiyindən, həmin epizodda kobud yox, sərt oynamışdım. Matçdan sonra ona yaxınlaşıb oyuna görə “çox sağ ol” dedim. O isə əlimi geri çevirib məni itələdi. Mən də eyni hərəkətlə ona cavab verdim. Belə olub aramızda mübahisə başladı. Halbuki oyunda nə baş veribsə, o orda da qalmalıdır. O peşəkar kimi davranmadı, ona görə də belə dava düşdü”.
Borisov iyulun 2-də C qrupunun son matçı olan İtaliya ilə görüş haqqında isə bunu deyib: “İtaliya ilə oyun çox çətin olacaq. Baxmayaraq ki, onlar ilk oyunda uduzublar, ancaq bu komandada ulduz oyunçular var. Hər an hər şey etməyə qadirdirlər. Ancaq sabahkı 30-40 dəqiqəlik məşqdən sonra istirahət etmək və bu matça tamamilə köklənmək imkanımız olacaq”.