“Neftçi” ilə yoxlama görüşü “Fənərbaxça”nın səviyyəsini, durumunu əks etdirmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə millisinin və “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəl deyib.
Təcrübəli qolkiper komandasının Türkiyınin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” ilə qolsuz heç-heçə etdiyi yoxlama oyunundan sonra mətbuat konfransına qatılıb.
Volkan matçın böyük əhəmiyyət kəsb etmədiyini bildirib: “Azərbaycan futbolu indi yükslişdədirsə, bu gün də gözəl oynadılar. Həm Azərbaycan yığmasına, həm də “Neftçi”yə gələcəkdə də uğurlar arzulayıram. Bu, sadəcə yoxlama oyunu idi. Təlim-məşq toplanışının sonu olduğundan yorğunluq da bir az özünü göstərdi. Heç bir psixoloji gərginliyimiz yox idi. Bərabər səviyyəli oyun keçdi. Adi yoxlama oyunu olduğundan bunu böyütməyə ehtiyac yoxdur. Həm də azəri qardaşlarımızla oynadıq. Onları yaxşı oyun münasibətilə təbrik edirəm. Bir müddət əvvəl “Xəzər Lənkəran”, indi isə “Neftçi” ilə qarşılaşmada bizimlə üz-üz gələn komandaları müqayisə etmək istəmirəm. Buna özünüz qiymət verin”.
Xatırladaq ki, “Xəzər Lənkəran” ötən il öz meydanında “Fənərbaxça”ya 0:4 hesab ilə uduzmuşdu.