[b]Vüqar Nadirov: Onun gedişi bizi də məyus etdi - MÜSAHİBƏ[/b]
10.01.2015 - 12:28
[b]Vüqar Nadirov: Onun gedişi bizi də məyus etdi - MÜSAHİBƏ[/b]

Təlim-məşq toplanışı keçirmək üçün bu gün Türkiyənin Antalya şəhərinə yola düşən “Qarabağ” yarımmüdafiəçisi Vüqar Nadiorvun apasport.az saytına müsahibəsi

 

- İstirahət başa çatdı. Bu gündən məşqlərə başlayırsınız. İstədiyiniz kimi dincələ bildinizmi?

- Həm dincəldim, həm də məşq etdim. Bu müddəti ancaq dincələrək keçirmək olmazdı. Çünki təlim-məşq toplanışına hazır gəlməlisən. Yoxsa, çətin olar.

 

- Fasilədən istifadə edib harasa getdinizmi?

- Qısa müddətə olsa da, gəzmək üçün ölkə xaricinə çıxdıq. Əvvəlcə dostumla 2 gün Dubayda dincəldim. Daha sonra ailəmlə birgə İstanbula getdik. Orda olduğumuz müddətdə tarixi yerləri gəzməyə çalışdıq.

 

- Oğlunuzu hansı tarixi yerlərə apardınız?

- Hər dəfə ora gedəndə müəyyən yerlərlə tanış edirəm. Təbii ki, hamısını bir səfər vaxtı göstərmək mümkün deyil. Çünki vaxtımız az olur.

 

- Ən çox haranı bəyənirsiniz?

- Hava soyuq olmasına baxmayaraq, turistlərin axın etdiyi, İstanbulun mərkəzi hesab edilən Taksim meydanını gəzdik. Əlbəttə, Sultan Ahmetə də getdik.

 

- Bu müddətdə arxada qalan yarım ilin yorğunluğunu çıxara bildiniz?

- Həm gəzməklə yorğunluğumu çıxarmağa, ab-havanı dəyişməyə, həm də yüngül məşqlərlə formamı saxlamağa çalışdım. İndi bizi ağır mərhələ gözləyir. Toplanışda maksimum çalışmalıyıq ki, oyunlarda faydasını görək. Həm də əvvəlki illərlə müqayisədə fasilə bu dəfə qısa oldu. Eyni yox, işimizin başına dönmək də xoşdu.

 

- Yeri gəlmişkən, transfer pəncərəsi açılan vaxtdan “Qarabağ”ın oyunçularına müxtəlif klublardan dəvətlər gəldiyi deyilir. Həmin siyahıda siz də varsınız?

- Açığı, qış fasiləsində heç bir klubdan təklif almamışam. “Qarabağ”la müqaviləm davam edir.

 

- 2014-cu il nə ilə yadda qaldı?

- Həm sevincli, həm də təəssüfləndirici günlərimiz oldu. “İnter”lə oyunda baş verənləri hələ də unuda bilmirik. Halbuki vurduğumuz qol qaydalar çərçivəsində idi. Qeydə alınsaydı, indi növbəti mərhələyə yüksələcəkdik. Çempion olmağımız, qrup mərhələsinə vəsiqə qazanmağımız isə bizi sevindirdi. Yeri gəlmişkən, ölkə başçısının bizi qəbul etməsi də tarixi günlərdən idi. Həmin ərəfədə çox əsəbi, həm də məyus idik. Onun dəstəyi bizi xeyli sakitləşdirdi. Yenidən özümüzə inam yaratdı. Bir də Fransada “Sent-Etyen”ə qol vurmağıma çox sevindim. Çünki orada daha çox erməni yaşayır.

 

- Toplanış 3 həftə davam edəcək. Ailənizdən uzun müddətə ayrılırsınız. Bəs darıxmırsınız?

- Əlbəttə, darıxırıq. Ancaq işimizi də görməliyik. Çalışırıq “Skype” vasitəsilə əlaqə saxlayaq.

 

- Heç məşqçilər korpusu ilə danışmısınızmı ki, uzunmüddətli toplanış olmasın.

- Bir dəfə olub. “Qarabağ”ın toplanışından sonra yığmanın düşərgəsinə yollanmalı idik. Baş məşqçimizlə danışdıq ki, Bakıya yollanaq, 2-3 gün ailəmizi görək, sonra yığmaya qoşulaq. Qurban müəllim normal qarşıladı, gəldik, Bakıda 4-5 gün qaldıq.

 

- Mövsümün qarşıdakı hissəsi daha çətin keçəcək. Hansı komandalardan sürpriz gözləyirsiniz?

- Razıyam, çətin olacaq. Komandalar heyətlərini gücləndirir. Biz də mövqeyimizi əldən verməməyə çalışacaq. Bütün komandalara ciddi yanaşmaq lazımdı. Asan rəqib yoxdu. İndidən seçim etsək, ağrısını çəkərik. “Xəzər Lənkəran”ın heyətini gəncləşdirməsi onların zəifləyəcəyi anlamına gəlməməlidi. “Bakı”ya da belə deyirdilər, amma istənilən komandaya müqavimət göstərirlər. Onlar hər bir komandaya başağrısı olacaq. Gənclər daha istəkli olacaq.

 

- Emeqaranın gedişini necə, gözləyirdinizmi?

- Onun gedişi bizi də məyus etdi. Yaxşı futbolçu idi. Komandaya qoşulduqdan sonra ardıcıl qollar vurdu. Niyə getdi, biz də anlaya bilmədik.