Nadirov, Aqolli və Teliyə tanış sima
25.08.2014 - 11:14
Nadirov, Aqolli və Teliyə tanış sima

Avroliqanın pley-off mərhələsinin cavab oyunu olan “Tvente” - “Qarabağ” görüşünün baş hakimi Paolo Silvio Matsoleni millimizə tanış hakimdir. Apasport.az saytının məlumatına görə, İtaliyanın Berqamo şəhərində doğulan italiyalı referi 2011-ci ildən beynəlxalq oyunlara təyinat alır.

 

40 yaşlı referi məhz həmin ildə də millimizin Albaniya ilə yoldaşlıq görüşündə baş hakim olub. 2011-ci ilin noyabrın 11-də Tiranada baş tutan görüşdə millimiz albanlara 1:0 hesabı ilə qalib gəlib. Rauf Əliyevin 22-ci dəqiqədə vurduğu qol yığmamızın səfərdən qələbə ilə qayıtmasına səbəb olub.

 

Hobbisi qədimi əşyaları toplamaq olan Matsoleni həmin matçda əlini cibinə bir dəfə də olsun atmayıb. İtalyan referi həmin matçda forma geyənlərdən yalnız 2 futbolçunu avqustun 28-də Ensxededə də iş başında görə bilər. Bunlar Ansi Aqolli, Admir Teli və Vüqar Nadirovdur. Aqolli ilə Teli həmin matçda 90, Nadirov isə 63 dəqiqə meydanda olub. Vüqarı sonradan Nizami Hacıyev əvəzləyib.

 

Qeyd edək ki, Albaniya – Azərbaycan oyunu Paolo Silvio Matsoleninin əsas yığmaların iştirakı ilə keçirilən görüşlərdə ilk idarəçiliyi olub.