“Nadir Qasımov iradında haqlıdır, qapıçın formasının rəngi meydan oyunçularının və hakimlərin geyimindən fərqlənməlidir. Bu, Anar Salmanovun səhvidir”. Bu sözləri apasport.az saytına AFFA Hakimlərin Komitəsinin sədri Xaqani Məmmədov deyib.
AFFA İntizam Komitəsinin dünən baş tutan iclasında I dəstənin XVI turu çərçivəsində keçirilən “Şuşa” – “Turan-T” matçının 90+1-ci dəqiqəsində referi Anar Salmanovu təhqir etdiyi üçün meydan sahiblərinin baş məşqçisi Nadir Qasımovun 5 oyunluq cəzalandırmasına dair qərar çıxardıb. Buna cavab olaraq, Qasımov apasport.az saytına müsahibəsində Salmanovla yanaşı, Xaqani Məmmədovun da ünvanına sərt ittihamlar səsləndirib.
Məmmədov isə Nadirovun bəzi iradlarının haqlı olduğu desə də, təcrübəli çalışdırıcının hakimləri təhqir etməyə ixtiyarının çatmadığını söyləyib: “Hakim oyun epizodlarında səhvə yol verə bilər. Lakin heç kimin ədalət təmsilçilərini təhqir etməyə haqqı çatmır. Onların işinə qiymət verən qurum var. Hakim səhv edibsə, mütləq cəzasını alır. Salmanov “Şuşa” – “Turan-T” görüşünü öz səviyyəsinə uyğun idarə etməyib və buna uyğun da qiymət verilib”.
Qeyd edək ki, “Şuşa” – “Turan-T” görüşü 2:2 hesabı ilə başa çatıb. Salmanov cəzalı olduğu üçün cari mövsümdə yalnız I dəstənin oyunlarına təyinat alır.