“Spirin o sözü mənim yanımda deyib. O, burada olduğu müddətdə yalnız Bəhramovdan danışıb, tərifləyib. Kimsə Spirinin mərhum hakimimiz barədə dediyi sözü başqa mənaya yozmasın”. Bunu Lent.az-ın Türkiyənin Antalya şəhərinə ezam olunan əməkdaşına açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
Rusiyalı keçmiş FİFA referisi Aleksey Spirin Antalyada təlim-məşq toplantısında olan azərbaycanlı hakimlər üçün bir neçə gün seminar keçirib. Seminar zamanı o, jurnalistlərə açıqlamasında məhrum beynəlxalq dərəcəli hakimimiz Tofiq Bəhramovdan da danışıb. O, Bəhramovun 1966-cı il dünya çempionatında İngiltərə və Almaniya yığmaları arasında keçirilmiş final matçı zamanı qeydə aldığı mübahisəli qol epizoduna da toxunub. Spirin bildirib ki, Bəhramov həmin epizoddan danışarkən, ona “Əsas məsələ Böyük Britaniya kraliçasının əlindən öpmək idi” deyib.
Məmmədov isə bu açıqlamanı belə şərh edib: “Bəhramovun məlum qərarını bu gün də müzakirə edirlər. Rusiyalı sabiq referi onun “Əsas məsələ kraliçanın əlindən öpməkdir” sözlərini xatırlatmaqla, o mövzudan ağılla yayındı. Spirin Bəhramovu çox sevir və ona öz müəlimi kimi yanaşırdı. Dərsi mərhum FİFA referimizin adı ilə açır, onun adı ilə də bağlayırdı. Əgər qərəzi olsaydı, tərifləməzdi”.
AFFA Hakimlər Komitəsinin sədri bildirib ki, Bəhramov həqiqətən də “Əsas məsələ kraliçanın əlindən öpməkdir” sözlərini deyib. Amma onun fikrincə, burada qeyri-adi bir şey yoxdur: “Siz jurnalistlər dərhal hər şeyi başqa istiqamətə yozursunuz. Spirinin Bəhramova qarşı qərəzi, iddiası yox idi. Burada olduğu müddətdə yalnız ondan danışmışdı. Bəhramov o sözü deyib ki, Spirin də xatırladır. Özündən uydurmur ki... Burda nə var ki... Öz fikrini demir ki, Bəhramovun dediyini xatırladır da...”
Məmmədov Bəhramovun bu sözlərini Spirinin dilə gətirməsini də normal qarşılayıb: “Bəhramov oyundan əvvəl bilmirdi ki, Almaniyanın qapısına belə top vurulacaq və gedib kraliçanın əlindən öpmək üçün o zərbəni qol kimi qeydə alacaq. Kim bilirdi ki, oyunda nə baş verəcək? Bəhramov bütün bunlardan sonra heç bilmirdi ki, kraliça ona dəvət göndərəcək”.
Qeyd edək ki, 1966-cı il dünya çempionatında İngiltərə və Almaniya yığmaları arasında keçirilmiş final matçının əsas vaxtı 2:2 hesablı heç-heçə ilə nəticələnib. Əlavə vaxtın 11-ci dəqiqəsində ingiltərəli futbolçu Ceffri Herstin endirdiyi zərbəni həmin oyunda yan xətt hakimi olan Tofiq Bəhramov qol kimi qeydə alıb. Həmin qərar hələ də müzakirə olunur. Oyun isə İngiltərənin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.