Xaqani Məmmədov: UEFA onun idarəçiliyini 8,3 balla qiymətləndirib
09.07.2014 - 12:08
Xaqani Məmmədov: UEFA onun idarəçiliyini 8,3 balla qiymətləndirib

“Ümumi hazırlıq yaxşı gedir. Səfərə hazırlaşırıq”. Bunu apasport.az saytına açıqlamasında AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

 

Hakimlərin sabah Polşada başlayacaq toplanışı barədə məlumat verən HK sədri bildirib ki, iyulun 25-dək Varşavada hazırlıq keçəcəklər: “Məqsədimiz növbəti mövsümə yaxşı hazırlaşmaqdı. İnanırıq ki, istədiyimiz kimi, hazırlaşa biləcəyik”.

 

Azərbaycanlı hakimlərin avrokuboklardakı çıxışı haqqında da danışan Məmmədov Rəhim Həsənovun idarə etdiyi "Kayrat" (Qazaxıstan) - "Kukesi" (Albaniya) matçında yüksək qiymət aldığını vurğulayıb: “UEFA onun idarəçiliyini 8,3 balla qiymətləndirib. Deməli, gənc hakimimiz vəzifəsinin öhdəsindən gəlib. Əliyar Ağayev "Aktobe" (Qazaxıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan), Anar Salmanov "Vaduts" (Lixtenşteyn) / "Collage Europa" (Cəbəllütariq) – “Ruch Chorzow” (Polşa) oyunlarını idarə edəcək. Onlar Polşadan birbaşa oyunların keçiriləcəyi ölkəyə yollanacaqlar. Həm də yaxşı oldu ki, həmin qarşılaşmalar bizim təlim-məşq toplanışının sonuna yaxın olacaq. Hakimlərimizin növbəti mərhələlərdə təyinat alıb-almayacaqları özlərindən asılıdır. Əgər yaxşı idarəçilik edə bilsələr, o zaman növbəti mərhələlərdə də olacaqlar”.

 

Komitə rəhbəri Vüsal Əliyevin hazırlığa qatılmamağını belə izah edib: “Onun şəxsi problemləri var. Anası xəstədi. Bu səbəbdən İrana getməlidi. Ona görə də biz ona icazə vermişik. Toplanışın yarısında ola bilər ki, bizə qoşulsun. Amma öz məşqlərini burada qalıb davam etdirəcək. Hazırda da fiziki  cəhətdən formada qalmaq üçün məşqlər edir”.

 

ELSEVƏR