“Barselona”nın ulduz futbolçusu Xavi Hernandes sabiq baş məşqçiləri Xosep Qvardiola ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 33 yaşlı yarımmüdafiəçi 2008-ci ildə Almaniya təmsilçisi “Bavariya”dan transfer təklifi aldığını, amma Qvardiolanın ona mane olduğunu bildirib.
Təcrübəli futbolçu bunun düzgün qərar olduğunu və Kataloniya klubunda futbolçu karyerasını başa vurmaq istədiyini deyib: “O vaxt “Bavariya”ya keçidimə Qvardiola mane oldu və “Barselona”nın mənə ehtiyacı olduğunu dedi. Hesab edirəm ki, o, düzgün qərar idi. Çünki mən karyeramı “Nou Kamp”da başa vurmaq istəyirəm”.
Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Xavi “Barselona” futbol məktəbinin yetirməsidir və 1998-ci ildən əsas komandada çıxış edir. 2008-2012-ci illər ərzində Kataloniya təmsilçisini çalışdıran Qvardiola isə, cari mövsümün əvvəlindən “Bavariya”dadır.