“Barselona”nın yarımmüdafiəçisi Xavi İspaniya çempionatının 38-ci turunda “Atletiko Madrid”ə qarşı oynayacaqları “qızıl oyun” barəsində danışıb. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu komandasının Avropanın ən yaxşı müdafiəsinə qarşı oynayacağını bildirib.
İspaniya çempionatının son turunda “Barselona” “Atletiko”nu qəbul edəcək. Çempionluğu qazanmaq üçün “Barsa” mütləq qələbə qazanmalıdır. “Atletiko”ya isə bərabərlik də sərf edir. Kataloniya klubu son 2 oyunda qələbə qazana bilməyib. Amma madridlilər də gözlənilmədən 2 oyunda cəmi 1 xal yığaraq, özlərini son dərəcə çətin vəziyyətə salıblar.
Xavi etiraf edib ki, komanda həqiqətən də çempionluqdan əlini üzübmüş: “Ola bilər ki, həddən artıq tez təslim olmuşuq. Elə gəlirdi ki, artıq çempionluq şansları itirilib. Amma futbolda hər şey olur və indi hər şey bizim əlimizdədir. Bu çempionluq çox qiymətlidir və bizə vahid komanda olaraq qalmaq lazımdır. Bu, tarixi imkandır. Bizi böyük final gözləyir. “Atletiko” Avropada ən yaxşı müdafiəyə malikdir, oyunçuları bir-birini sığortalayaraq, daima təzyiqi gücləndirirlər, onların hücumda müxtəlif variantları olur. La Liqa belə də olmalıdır – mübarizənin sona qədər getdiyi çempionat. Bizə qarşı möhtəşəm komanda oynayacaq. Birinci qol vurmaq və rəqibi böyük qüvvə ilə irəli atılmağa məcbur etmək son dərəcə vacibdir”.