Xavyer Zanetti: Çətin səfərlərin olacağı bir qrupa düşmüşük
30.08.2014 - 13:26
Xavyer Zanetti: Çətin səfərlərin olacağı bir qrupa düşmüşük

“Avropada asan oyunlar olmur. Biz çətin səfər matçlarımızın olacağı bir qrupa düşmüşük. Xüsusən də Ukrayna və Azərbaycana məsafələrin uzaqlığını qeyd etməliyəm”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in vitse-prezidenti Xavyer Zanetti deyib.

Argentina yığmasının və “İnter”in əfsanəvi oyunçusu Monakoda keçirilən püşkatmaya qiymət verib. Zanetti səfərlərin uzaqlığından şikayət edib.

O, Ukraynanın Rusiyaya yaxın olan Dnepropetrovsk şəhərində oyunların keçirilməyə biləcəyindən danışıb: “Hər oyunda ən yaxşı çıxışımızı göstərməliyik. “Sent-Etyen” uzunmüddətli tarixə malikdir və onlara hörmətlə yanaşmalıyıq. Ukraynaya səfərə gəlincə, hazırda orda həssas situasiya var. Baxaq görək, UEFA harda oynayacağımıza qərar verəcək. Əsas məsələ yaxşı başlanğıc etməkdir. Biz bütün yarışlarda uğurlu çıxış etmək istəyirik. Ona görə də istəyirik ki, ən yüksək yeri tutaq. Valter Matsarri yeni, gənc oyunçularla möhtəşəm komanda qurub. Sıx kollektiv formalaşıb. Baş məşqçi uşaqlarla yaxşı iş görür və öz ideyalarını praktikada tətbiq edir”.

41 yaşlı Zanetti həmyerlisi olan PSJ-nin hücumçusu Esekyel Lavessinin “İnter”ə gələ biləcəyinə isə belə münasibət bildirib: “O, çox yaxşı oyunçudur. Ancaq “transfer bazarı”nı müzakirə etmək mənim işim deyil. Pyetro Ausilio bu məsələlərdə işini mükəmməl görür”.

Qeyd edək ki, “Qarabağ” Avroliqanın qrupunda “İnter”lə oyunlarını oktyabrın 2-si və dekabrın 11-də keçirəcək.